İQTİSADİYYAT
Dənizçilərin Ehtiyat Kadr Bazasının yaradılması üçün növbəti imtahan keçirilib
Bakı, 4 sentyabr, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sıravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının yaradılması məqsədilə növbəti test imtahanları keçirilib.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, imtahanlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəsmi internet səhifəsində yerləşdirilmiş elanlara müraciət edən 500 nəfər arasından meyarlara uyğun şəxslər dəvət olunub. Həmin elanlar sayta iyulun 26-da yerləşdirilib və bir ay müddətində qüvvədə olub.
İmtahanlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin insan resurslarının idarəedilməsi departamenti tərəfindən təşkil edilib. Prosesə daxili mütəxəssislərdən və kənar təşkilatların nümayəndələrindən ibarət heyət tərəfindən xüsusi nəzarət olub. İmtahanlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin işə qəbul siyasətinə uyğun, tam şəffaf qaydada baş tutub.
Gəmiçilikdə mövcud işə qəbul qaydalarına əsasən müsabiqədə işə qəbulu tövsiyə olunmuş namizədlərə nisbətən daha az bal toplayan, lakin müvafiq keçid balını toplamaqla müsbət rəy almış namizədlər Ehtiyat Kadr Bazasına daxil edilir.
Bu bazanın yaradılmasında məqsəd dənizçilik sahəsində orta ixtisas və ali təhsil almış və karyerasını bu sahə üzrə qurmaq istəyən gənclərə dəstək olmaq, gələcəkdə yaranacaq işçi ehtiyacını Ehtiyat Kadr Bazasının hesabına dərhal bağlamaqdan ibarətdir.