İQTİSADİYYAT
Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində “Gəmilərin idarə olunması və manevr edilməsi” kursu təşkil olunmuşdur
Bakı, 12 iyul (AZƏRTAC). Cari ilin İyul ayından etibarən ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində “Gəmilərin idarə olunması və manevr edilməsi” kursu təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, kursda əsasən gəmi kapitanları və onların köməkçiləri iştirak edirlər. Praktiki məşğələlərin tədrisində Norveçin “POSEİDON” şirkətinin istehsalı olan simulyatordan istifadə olunur. Dinləyicilərə əsasən Beynəlxalq Dəniz Təşkilatının gəminin manevr elementlərinə tələbləri, idarə olunan obyekt kimi gəmiyə təsir edən qüvvələr, gəmini idarə edən vasitələr, ekstremal şəraitdə gəminin manevr və idarə edilməsi, gəmi sürücülüyünün təhlükəsizliyinə dair Beynəlxalq tələblər və s. öyrədilir. Kursun sonunda yaradılmış xüsusi komissiya tərəfindən dinləyicilərin bilik və bacarığı yoxlanılacaq. Məqbul qiymət almış dinləyicilərin sənədləri beynəlxalq sertifikat alınması üçün Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasına təqdim ediləcəkdir.
ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində keçirilən kursların əsas məqsədi dənizdə üzgüçülük təhlükəsizliyinin və insanların həyatının mühafizəsinin təmin olunması üçün gəmi heyəti üzvlərini maarifləndirməkdən ibarətdir. Kurslar üzrə təqdim olunan sertifikatlar Beynəlxalq Dəniz Təşkilatına üzv olan ölkələr tərəfindən tanınır.