İQTİSADİYYAT
Deputat: Avropa İttifaqı ilə imzalanan memorandum hasilatçı ölkə kimi Azərbaycanın maraqlarına tam cavab verir
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan transkontinental nəqliyyat dəhlizinin formalaşdırılmasına imkan verən geostrateji mövqeyə malik, enerji və karbohidrogen resursları ilə zəngin ölkədir. Şərqi Qərblə birləşdirən Azərbaycan milli maraqların və təhlükəsizliyin təmin olunması üçün bütün vasitələrdən, daxili və xarici resurslardan istifadə edir. Dövlətimiz bu məqsədlə iqtisadi, siyasi, ideoloji, diplomatik mexanizmləri işə salır. Digər ölkələrlə strateji əməkdaşlıq əlaqələri qurmaq və onların dərinləşdirilməsi prioritet istiqamətlərdəndir. Çünki ancaq güclü iqtisadiyyata və maliyyə mənbələrinə malik olan ölkə beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməyə qadirdir. Avropa İttifaqı (Aİ) ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan-Aİ tərəfdaşlığının perspektivləri çox böyükdür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov söyləyib.
Ölkəmizin Aİ ilə yüksək səviyyədə münasibətləri olduğunu diqqətə çatdıran deputat Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişellə səmimi münasibətlərinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri və imzalanmış memorandum ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Deputat qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət və ən böyük ixrac tərəfdaşıdır. Belə ki, ölkəmizin ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür. Statistikaya nəzər salsaq görərik ki, 2021-ci ildə ümumi ixrac olunan neftin 70 faizə qədəri Aİ ölkələrinin payına düşüb. Təbii qaz sahəsində əməkdaşlığa gəldikdə, TAP layihəsi üzrə Azərbaycandan Avropaya “mavi yanacağ”ın nəqli 2020-ci ilin dekabr ayından başlanıb. 2021-ci ildə TAP kəməri ilə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin yanvar-iyun aylarında isə 5,4 milyard kubmetr təbii qaz ixrac olunub”, - deyə İ.Məmmədov qeyd edib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan üçün əsas hədəf kimi 2027-ci ilədək Aİ-yə illik ən azı 20 milyard kubmetr qazın ixrac edilməsidir. Anlaşma Memorandumu hasilatçı ölkə kimi Azərbaycanın maraqlarına tam cavab verir.
Azərbaycan-Aİ enerji dialoqu çərçivəsində müzakirə edilən mövzulardan birinin də Azərbaycandan Avropaya “yaşıl” enerjinin ixracı olduğunu qeyd edən İ.Məmmədov tərəflər arasında bərpaolunan enerji sahəsində mümkün əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib: “İşğaldan azad olunan ərazilərdə alternativ və bərpa olunan enerji mənbələrinin, həmçinin Xəzər dənizində külək enerjisinin geniş potensialını nəzərə alaraq, bu, Azərbaycan üçün bərpaolunan enerjinin də Aİ-ə ixrac olunması imkanları yaradır”.