SİYASƏT
Deputat: Azərbaycanın qələbəsini həzm edə bilməyənlər anlamalıdırlar ki, biz öz torpaqlarımızı qanımızla, canımızla azad etmişik
Bakı, 27 noyabr, AZƏRTAC
Hazırda Ermənistanda böhran hökm sürür. Çünki hərbi məğlubiyyət bu ölkənin daxilində böhranı xeyli dərəcədə artırıb, güvəndikləri havadarları da onları düşdüyü vəziyyətdən xilas edə bilmirlər. Fransa hər zaman erməni “sevgisi” ilə məşhur olub. Sadəcə, bunu gizli saxlamağa, neytral görünməyə çalışıb. Eləcə də Ermənistan hər zaman Fransaya güvənib. Amma istər hərbi əməliyyatlar başlayan zaman, istərsə də siyasi mərhələdə Fransanın dəstəyi ermənilərə kömək edə bilmədi. Əgər ermənilər min kilometrlərlə uzaqda yerləşən bir ölkənin marioneti olmaqdansa, yaxın qonşularla yaxşı münasibət saxlayıb, işğalçılıq siyasəti aparmasaydılar, bu qədər illərini boşa itirmiş olmazdılar və ölkələri daha yaxşı vəziyyətdə ola bilərdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. O deyib: “Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa Prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altındakı torpaqlarını azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpasına maneə törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir və bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artması təbii ki, onu ciddi narahat edir”.
Fatma Yıldırım qeyd edib ki, döyüşlərin davam etdiyi müddətdə Fransanın Ermənistana dəstəyinin fiaskoya uğraması, göstərdiyi dəstəyin effektli olmamasının əsas səbəblərindən biri Azərbaycanın hərbi gücü və diplomatiyamızın uğurlarıdır. “Çox təəssüf, Prezident Makron pafoslu çıxışları ilə ermənilərin etimadını qazanmaq üçün ucuz kampaniya aparır. Bu, ilk növbədə, Fransanın özünə zərbədir. Bu gün Fransadakı ermənipərəst dairələr Napaleon, Şarl de Qoll kimi tarixi şəxsiyyətlərin ölkəsinin nüfuzunu öldürmək üzrədir. Düşünürəm ki, onların “erməni sevgisi” fransız xalqının iradəsi deyil”, - deyən deputat noyabrın 25-də Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyi haqqında” qətnaməni ermənipərəst, antitürk və anti-Azərbaycan mövqeyinin ifadəsi kimi dəyərləndirib. Bu qətnamənin Fransa Senatında qəbul olunması Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. “İnanırıq ki, Fransa hökuməti düzgün mövqe nümayiş etdirərək tövsiyə xarakterli bu sənədi qəbul etməyəcək. Makron hökuməti bunu etdiyi təqdirdə, həm diplomatik, həm də iqtisadi sahədə bunun qarşılığını alacaq”,- söyləyən deputat qeyd edib ki, Azərbaycan parlamenti haqlı olaraq Fransa Senatına qarşı kəskin etirazını bildirib. O deyib: “Qəbul olunmuş bəyanatda Azərbaycan hökumətinə çağırış edilir ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin. Bununla yanaşı, Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın. Bəyanatda, həmçinin Azərbaycanla Fransa arasında mövcud iqtisadi əlaqələrin dərindən təhlil edilərək lazımi tədbirlərin görülməsi də tövsiyə edilir. Azərbaycanın qələbəsini həzm edə bilməyənlər anlamalıdırlar ki, biz qalib ölkəyik, müzəffər xalqıq və öz torpaqlarımızı qanımızla, canımızla azad etmişik. Müstəqil Azərbaycan dövləti də bu regionda söz sahibi olan bir ölkədir və bunu artıq qəbul etməlidirlər”.