CƏMİYYƏT
Deputat: Əvvəlki illərdə olduğu kimi, 2022-ci ilin dövlət büdcəsi də sosialyönümlüdür
Bakı, 17 noyabr, AZƏRTAC
Bu gün ölkəmizdə mütərəqqi sosial siyasətin həyata keçirilməsinə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə mühüm önəm verilməsi təsadüfi deyil. Çünki insanlara maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov deyib: “Gələn ilin dövlət büdcəsində xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi üçün 2022-ci il yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılmasının qarşıya mühüm vəzifə kimi qoyulması da ölkəmizdə mütərəqqi sosial siyasətin diqqət mərkəzində saxlanılmasından xəbər verir. Büdcədə sosial xərclərin 46,4 faizə çatdırılması və 2021-ci illə müqayisədə 13,5 faiz, yəni, 1 milyard 650 milyon manat artırılması da bunun bariz ifadəsidir.
Büdcədə bu xərclərin maliyyə tutumunun 13 milyard 851 milyon manata çatdırılması nəzərdə tutulur. Həmin xərclərin 60 faizi əməyin ödənilməsi ilə bağlıdır. Belə ki, 2022-ci ildə əməyin ödənilməsinə 8 milyard 97 milyon manat məbləğində vəsait təklif olunur. Sosial təminat xərcləri üçün dövlət büdcəsində 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.
Rəşad Mahmudov açıqlamasında, eyni zamanda, bildirib ki, büdcədə prioritet istiqamətlərdən biri də təhsil sahəsidir. Təhsil xərclərinə büdcədən 3 milyard 884 milyon manat ayrılması nəzərdə tutulur. Digər prioritet istiqamət olan səhiyyə sahəsinə ayrılan vəsait isə cari ildən başlayaraq tətbiq olunan icbari tibbi sığorta öhdəlikləri də nəzərə alınmaqla 1 milyard 789 milyon manat səviyyəsində müəyyən edilir.
Bütün bunlar isə Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsinin Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli amil olduğunu deməyə əsas verir.
Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın, hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliliyi hesabına əldə olunan nəticədir. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə respublikamızla müqayisə oluna bilsin. Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və digər sahələrdə atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə yürütdüyü sosialyönümlü siyasətin istiqaməti təkcə sosial bərabərsizliyi aradan götürmək olmayıb, həm də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıyıb.
Rəşad Mahmudov açıqlamasında, həmçinin qeyd edib ki, bu il ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı hökumətin iqtisadiyyata genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi mühüm rol oynayıb. Bu məqsədlə noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.
COVID-19 pandemiyası bütün sahələr kimi, iqtisadiyyata da mənfi təsir göstərib. Bu təsirlərin aradan qaldırılması üçün Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi altında hazırlanan və reallaşdırılan antiböhran proqramı, testləşdirmə, vaksinləşdirmə resurslarına tez və adekvat çıxış, səhiyyə infrastrukturunun gücləndirilməsi, iqtisadiyyata miqyaslı yardım proqramlarının reallaşdırılması ölkəmizdə ilin iqtisadi tənəzzülünün qarşısını alıb, cari ildə iqtisadiyyatın bərpa və artımını gerçəkləşdirib.