SİYASƏT
Deputat: Postmüharibə dövründə regionda yeni reallığa uyğun münasibətlərin formalaşmasında Türkiyənin rolu və yeri əvəzsizdir
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan-Türkiyə münasibətləri dövlətçilik tariximizdə ən yüksək mərhələsini yaşayır. Bu münasibətlərin əsası ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı, həmçinin dövlət başçılarımızın şəxsi dostluq və qardaşlıq münasibətləri üzərində gündən-günə möhkəmlənir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat qeyd edib ki, dünyada eyni dilə və soykökünə malik xalqlar çoxdur. Amma Azərbaycan və Türkiyə qədər yaxın, xoş və dar günlərdə bir-birinin yanında olan iki ölkə yoxdur. Beynəlxalq tranzit layihələrinin icrasında, işğal altındakı torpaqlarımızın azad edilməsində və yenidən qurulmasında Türkiyə hər zaman Azərbaycanın yanında oldu. “44 günlük Vətən müharibəsi dövründə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanatlar ölkəmizə mənəvi dəstək oldu, bizi beynəlxalq təzyiqlərdən qorudu və böyük Qələbəyə doğru inamla addımlamağımıza şərait yaratdı. Postmüharibə dövründə regionda yeni reallığa uyğun münasibətlərin formalaşmasında Türkiyənin rolu və yeri əvəzsizdir. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlməsi, işğaldan azad edilmiş ərazilərdə gedən yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olması Azərbaycana düşmən gözü ilə baxan bir çox dairələrə mesajdır. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bir çox dövlətlər üçün bir siqnaldır və gələcəyə inamla addımlaması üçün ölkələrimizə sarsılmaz güc verir”, - deyə deputat əlavə edib.