DÜNYA
Dərd ürək tutması riskini bir neçə dəfə artırır
Baki, 14 yanvar (AZƏRTAC). Məlum olduğu kimi, stress ürək tutmalarına zəmin yaradır. Lakin indi alimlər hesablamışlar ki, yaxın adamın itirilməsi bu riski dərhal 21 dəfə artırır.
AZƏRTAC BBC "Circulation" jurnalına istinadən xəbər verir ki, riskin belə yüksək səviyyəsi faciədən sonrakı ilk gün ərzində qalır. Daha sonra bu göstərici tədricən azalır, lakin buna baxmayaraq, bütün həftə ərzində altı dəfə normadan artıq səviyyədə olur. Nəticə 2 minə yaxın adamın üzərində aparılan tədqiqat zamanı əldə olunmuşdur.
Təhlükədən xəbər verən simptomlar sırasına sinədə ağrılar və boğulma daxildir. Ekspertlərin sözlərinə görə, simptomlara ürəyin əlavə yüklənməsi yol açır. Həmçinin psixoloji stress ürək döyünməsinin sürətlənməsi, təzyiqin artması, trombların yaranması, yuxunun pozulması və iştahanın itməsi ilə bağlıdır.
Tədqiqatın rəhbəri, Harvard Universiteti yanında Tibb Mərkəzinin əməkdaşı doktor Mürrey Mittlmenin demişdir ki, hətta ən dərdli anlarda da sağlamlığın qayğısına qalmaq lazımdır. Bunu ürək tutması keçirən 1.985 pasiyent üzərində müşahidə sübut etmişdir.