CƏMİYYƏT
Dərman və Tibb Vasitələri Agentliyi müfəttişlərinin beynəlxalq seminarı keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Yaponiyanın Yamaquçi prefekturasının Hikari şəhərində Əczaçılıq Müfəttişliyi üzrə Beynəlxalq Əməkdaşlıq Sisteminin yardımı ilə Dərman və Tibb Vasitələri Agentliyi GMP (Good Manufacturing Practice - Etibarlı İstehsalat Praktikası) müfəttişlərinin seminarı keçirilib.
AZƏRTAC-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, beş gün davam edən seminarda dünyanın 13 ölkəsinin əczaçılıq sahəsində tənzimləyici qurumlarının GMP üzrə mütəxəssisləri iştirak edib. Seminarın əsas məqsədi GMP sahəsində olan son yeniliklərin, xüsusilə də riskləri nəzərə alaraq bu sahədə aparılan təftişin həyata keçirilmə qaydalarının iştirakçıların nəzərinə çatdırılması idi.
Hikari şəhərində yerləşən istehsalat sahəsinin bazasında təşkil olunan seminarda ölkəmizi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı Rauf Əfəndiyev təmsil edib. Seminarda mütəxəssislərin mühazirələri dinlənilib, təcrübi məşğələlər keçirilib və iştirakçılar ekspertlərin müşayiəti ilə Takeda zavodunun istehsal sahələrinin birində Etibarlı İstehsalat Praktikası təftişi aparıblar.
Seminar başa çatandan sonra iştirakçılara sertifikatlar verilib.