İDMAN
“DHL Fastest Pit Stop Award”: Bakıda ən yaxşı pit-stop Lens Strollda qeydə alınıb
Bakı, 30 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisində ən sürətli pit-stopu “Williams”ın mexanikləri icra ediblər. Onlar Lens Strollun maşınına 2,18 saniyə ərzində xidmət göstəriblər. Bu, Avstraliya mərhələsində “Red Bull Racing” tərəfindən təyin edilən və “Mercedes”in Çində təkrarladığı 2,15 saniyə mövsüm rekordundan bir qədər aşağıdır.
AZƏRTAC xəbər verir ki, “Red Bull Racing”in hər iki yürüşçüsü mübarizəni dayandırdığından bu Qran-Pridə xal qazana bilməyiblər. Lakin “DHL Fastest Pit Stop Award” nominasiyasında yığılan xallara görə, komandanın mexanikləri Bakını lider olaraq tərk edirlər. Rikkardo və Ferstappenin pit-stopları sürətinə görə ikinci və üçüncü olub.
“DHL Fastest Pit Stop Award” nominasiyasında komanda hesabında 101 xalla “Red Bull Racing” liderliyi davam etdirir. “Ferrari” 71, “Mercedes” 63 və “Williams” 56 xalla sonrakı yerlərdədir.