CƏMİYYƏT
Diabetə birlikdə qalib gələ bilərik
Bakı, 9 fevral, Əziz Məmmədov, AZƏRTAC
Fevralın 9-da “Holiday Inn Baku” otelində Azərbaycan Diabet Liqasının (ADL) təşkilatçılığı ilə “Diabetə birlikdə qalib gələk” devizi altında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova, Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı İlham Məmmədov, Respublika Endokrinoloji Mərkəzinin (REM), Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Gənclər və İdman Nazirliyinin, Gənclərə Dəstək Fondunun, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının nümayəndələri və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən ADL-in sədri, REM-in endokrinoloqu Yeganə Sultanova Azərbaycan Diabet Liqasının fəaliyyətə başladığı 1999-cu ildən bu günədək əsas istiqamətinin I və II tip şəkərli diabetdən əziyyət çəkən xəstələrə kömək etməkdən ibarət olduğunu bildirib. Təşkilat hüquqi, sosial və humanitar yardım göstərməklə tibbi proqram təminatı həyata keçirir. Bununla yanaşı, Liqa yay düşərgələrinin təşkili ilə də məşğuldur. Bu düşərgələrdə diabetin profilaktikası aparılır, xəstəlik barədə məlumat verilir, diyetoloq, psixoloq yardımı göstərilir, yoqa dərsləri təşkil olunur.
Diqqətə çatdırılıb ki, şəkərli diabetin ağırlaşması nəticəsində hər 7 saniyədə dünyada bir insan həyatını itirir. Y.Sultanova deyib: “Bir çox ölkələrdə şəkərli diabet ölümlə nəticələnən xəstəliklər arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada 451 min insan bu xəstəlikdən əziyyət çəkir. Vaxtında aparılmayan profilaktika və müalicə ciddi fəsadlara gətirib çıxara bilər. Tez yayılan xəstəlik sosial-tibbi problemlər yaradır, ölkə iqtisadiyyatına və ailənin maddi durumuna təsir edir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 2045-ci ilədək diabetdən əziyyət çəkənlərin sayı 693 milyona çata bilər”.
Y.Sultanovanın sözlərinə görə, statistika, çox təəssüf ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da diabet xəstələrinin sayında artımın müşahidə olunduğunu göstərir. Belə ki, müalicə-profilaktika müəssisələrində diabet xəstələrinin sayı 241323 nəfərdir, onlardan 73367-si Bakıda qeydiyyata alınıb. II tip şəkərli diabetdən 29830 nəfər (1683-ü Bakıda), I tip diabetdən - 211493 nəfər (71684-ü Bakıda) əziyyət çəkir. Bununla yanaşı, Azərbaycanda diabetdən əziyyət çəkən 1543 uşaq, o cümlədən 556 uşaq paytaxtda qeydiyyata alınıb. II tip şəkərli diabetdən 21 uşaq (2-si Bakıda), I tip diabetdən isə 1522 uşaq (554-ü Bakıda) əziyyət çəkir. ADL-in sədri deyib: “Azərbaycanda da dünyanın hər yerində olduğu kimi, bu xəstəliyin artmasının əsas səbəbləri oturaq həyat tərzi, düzgün qidalanmama, artıq çəkidir. Lakin 70 faizədək hallarda II tip diabetə sağlam həyat tərzinə riayət etmək yolu ilə qalib gəlmək mümkündür”.
ADL-in sədri dünyanın inkişaf etmiş ölkələrində həkimlər və tibb işçiləri tərəfindən bu qlobal problemin həlli yollarının axtarılması istiqamətində aparılan tədqiqatlardan, həmçinin bu sahədə ölkəmizdə görülən işlərdən danışıb. Qeyd olunub ki, Səhiyyə Nazirliyi I tip şəkərli diabet xəstəsi olan 90 uşağı təmənnasız olaraq insulin pompası və onun işlədilməsi üçün lazım olan vasitələrlə təmin edib. Sağlam qidalanma və fiziki fəallıq şəkərli diabetin medikamentoz müalicəsini tamamlayan mühüm təsir vasitəsidir. Təşkilat tərəfindən şəkərli diabet xəstələrinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində çoxlu layihələrə imza atılıb və bunlardan biri “Diabetə Yox deyək!” layihəsidir. Cəmiyyətin diqqətini insan ömrünü qısaldan bu xəstəliyə yönəltməkdən ötrü Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təklifi ilə 1991-ci ildən başlayaraq noyabrın 14-də Dünya Diabet Günü qeyd edilir. 2017-ci ildə Dünya Diabet Gününün mövzusu “Qadın və şəkərli diabet – sağlam gələcək bizim hüququmuzdur” olub. Aksiya şəkərli diabetin diabet ağırlaşması barədə maarifləndirməni və əhali arasında, o cümlədən reproduktiv dövrlü qadınlar arasında prediabeti aşkar edən skrininqi geniş yaymağı təbliğ edir.
Y.Sultanova çıxışında, həmçinin qeyd edib ki, şəkərli diabetdən əziyyət çəkən uşaqlara kömək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ardıcıl tədbirlər həyata keçirilir.
Çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, sağlam qidalanma, müntəzəm fiziki fəallıq, normal bədən çəkisini saxlamaq və tütündən imtina etməklə II tip diabet xəstəliyini sağaltmaq və ya ləngitmək, I tip diabet xəstəliyini isə effektli idarə etmək olar. Bütün dünyada diabetə qarşı ən səmərəli üsul maarifləndirilmə işidir. E.Süleymanova xatırladıb ki, Azərbaycanda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul edilib, bu proqramda şəkərli diabetin müalicəsində, nəticələrinin aradan qaldırılmasında və profilaktikasında prioritet istiqamətlər qeyd olunub, bu məqsədlərə 40 milyon manat ayrılıb.
Sonda diabetin fəsadları barədə maarifləndirmə işinə layiqli töhfə verən şəxslər mükafatlandırılıblar.