ELM VƏ TƏHSİL
Diaqnostik qiymətləndirilmədə 60 bal toplamış Elvin Bəkirov “Bizim müəllim” layihəsində
Bakı, 13 dekabr, AZƏRTAC
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin ingilis dili müəllimi Elvin Bəkirova həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, E.Bəkirov 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək Şəmkir rayonunda orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 2014-cü ildən isə Gəncə şəhəri 27 nömrəli məktəb-liseydə fəaliyyətini davam etdirir. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yüksək nəticə göstərərək 60 bal toplayıb. “Müəllimlərin təkmilləşdirilməsi və inkişafı” (TEA) proqramının qalibi olan Elvin Bəkirov ABŞ-da keçirilən və 80 ölkədən nümayəndələrin qatıldığı beynəlxalq təlimdə qabaqcıl müəllim kimi iştirak edib.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.