CƏMİYYƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Rusiyanın Federasiya Şurasının sədr müavini ilə görüşüb
Bakı, 29 noyabr, AZƏRTAC
Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, İlyas Umaxanov bu cür görüşlərin iki ölkə arasında əlaqələrin dinamik inkişafından xəbər verdiyini qeyd edərək deyib : “Həm Rusiyada, həm də Azərbaycanda icmalar üçün hərtərəfli şərait yaradılmalıdır”.
Öz növbəsində Fuad Muradov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini xatırladıb, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Komitə sədri Rusiya Federasiyasında azərbaycanlıların bütün sahələrdə təmsil olunduğunu qeyd edərək, Azərbaycan diasporunun üzləşdiyi problemlərdən də söhbət açıb.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.