MƏDƏNİYYƏT
“Die Welt” qəzeti Anna Netrebko və Yusif Eyvazovun Berlin konsertindən yazır
Berlin, 9 sentyabr, AZƏRTAC
Almaniyanın nüfuzlu “Die Welt” qəzetində dünya şöhrətli opera müğənniləri Anna Netrebko və həmvətənimiz Yusif Eyvazovun bu yaxınlarda Berlində verdikləri konsertə dair məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə cütlüyün Berlinin məşhur “Meşə Səhnəsi” (“Waldbühne“) konsert sarayında 20 min tamaşaçı önündə verdiyi konsertdən danışılır. Bildirilir ki, Netrebko və Eyvazov duetini məşhur italyan maestro Meçelancelo Mazzanın dirijorluğu ilə Potsdam Yeni Kameralı Orkestri və Macarıstan Dövlət Opera Orkestri müşayiət edib. Netrebko və Eyvazov dünya klassiklərinin məşhur əsərləri ilə yanaşı, yenicə buraxılan “Romantsa” adlı duet albomlarından üç mahnı da ifa ediblər. Konsert böyük coşqu ilə qarşılanıb. Yusif Eyvazov konsert iştirakçılarına “Bu, mənim həyatımda həqiqətən emosional gün idi. Sizin üçün oxumaq əla idi. Berlin, mən səni sevirəm. Təşəkkürlər!”, - deyə müraciət edib. Məqalədə qeyd olunur ki, rusiyalı Anna Netrebko və azərbaycanlı Yusif Eyvazov beş ildir ki, evlilik həyatı sürür. Onlar əsasən Vyana və Nyu-Yorkda yaşayırlar.
Qeyd edək ki, səfirliyimizin əməkdaşları sözügedən konsertdə iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin