ELM VƏ TƏHSİL
“DİLİMİZ-QEYRƏTİMİZ” MÖVZUSUNDA ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA NÜMAYİŞ ETDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də Bakı şəhərindəki 200 nömrəli orta məktəbin akt zalında Təhsil Nazirliyinin nəzdində Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin (GTDM) dəstəyi ilə “Dilimiz-qeyrətimiz” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Ədəbi-bədii kompozisiyanın ərsəyə gətirilməsində böyük əməyi olan 36 nömrəli məktəbin müəllimi Aygün Zamanlı bildirmişdir ki, gələcəyimizi gənc nəsil yaşadacaqdır. Bu səbəbdən də belə tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Dəfələrlə mükafatlara layiq görülmüş, müxtəlif müsabiqələrdə iştirak etmiş şagirdlər böyük həvəslə Azərbaycanın poeziya ustalarının dilimiz haqqında şeirlərini əzbər söyləmişlər.
GTDM-nin direktor müavini Səlimə Allahverdiyeva bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində ana dilimiz, mənəviyyatımız böhrandan çıxmış və ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində inkişaf etməkdədir.
Tədbirə dəvət olunmuş şairlər Teyyub Qurban, Rauf Allahverdiyev, Cığatay İsaqızı, Zərəngiz Dəmirçi Qayalı və başqaları Vətən, ana dili haqqında şeirlərini oxumuşlar.