ELM VƏ TƏHSİL
DİM Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində monitorinq imtahanları keçirib
Bakı, 18 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin IV-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, Biləsuvar şəhərində Kompleksin inzibati binasında təşkil olunmuş imtahanlarda ümumilikdə 300 şagird iştirak edib. İmtahanlarda lisey şagirdləri ilə yanaşı, Kompleksdə təhsil almaq üçün qeydiyyatdan keçmiş şagirdlər də iştirak ediblər.
Azərbaycan dilində aparılmış imtahan prosesinin idarə olunmasına DİM və Kompleksin əməkdaşları cəlb olunub.
İmtahanlar 4-cü sinif şagirdləri üçün 1 mərhələdə, digər siniflər üzrə isə 2 mərhələdə keçirilib. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 3 saat vaxt verilib.
Monitorinq imtahanlarının nəticələri Kompleksin rəsmi feysbuk səhifəsində paylaşılacaq.
Növbəti monitorinq imtahanlarının iyun ayı ərzində keçirilməsi nəzərdə tutulur.