CƏMİYYƏT
DİN Ağsu sakininin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib
Bakı, 7 iyul, AZƏRTAC
Ağsu şəhər sakini Gülxan Quliyevin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumata Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupu münasibət bildirib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 4-də Ağsu rayonunun Qaraqaşlı kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları xidməti vəzifələrini icra edərkən həmin vaxt orada olan 25 yaşlı Gülxan Quliyev sərxoş vəziyyətdə, məsələnin ona aidiyyəti olmadığı halda ucadan nalayiq ifadələr işlədib. Bu da ətrafdakıların haqlı narazılığına səbəb olub. O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib.
O, şöbəyə dəvət edilib və həmi şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Gülxan Quliyev 200 manat məbləğində cərimə edilib.
Buna baxmayaraq, spirtli içki aludəçisi olan G.Quliyev öz qanunsuz əməllərini davam etdirib. Belə ki, 2021-ci ildə sərtləşdirilmiş karantin rejimi dövründə, şəhər ərazisindəki kafelərin birində gecə saat 03 radələrində təşkil etdiyi əyləncə məclisində bir qadını təhqir etdiyinə görə saxlanılaraq barəsində protokol tərtib olunub.
Bu ilin aprelində G.Quliyev atasına məxsus xırdabuynuzlu heyvanları ondan xəbərsiz sataraq pulunu mənimsəyib və bundan sonra ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zəminində o, atasına xəsarət yetirməyə cəhd edib, onun avtomobilinə zərər vurub və atasının şikayəti əsasında barəsində inzibati qaydada tədbir görülüb.
G.Quliyevin belə qanunazidd hərəkətlərini sadalamaqla bitən deyil. O, hər dəfə profilaktik söhbətlər aparılmasına və yaxud qanunun tələbləri izah olunmasına baxmayaraq, bundan nəticə çıxarmayıb.
“Ona polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır. Sifətindəki xəsarətlərə gəlincə isə daim sərxoş vəziyyətdə olan G.Quliyev o xəsarətləri yıxılması və ya digər şəxslə dava etməsi nəticəsində də ala bilər”, - deyə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.