CƏMİYYƏT
DİN: Ötən gün 228 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
Bakı, 11 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri dekabrın 10-da Bakıda və respublikanın digər ərazilərində 307 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 298 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 228 nəfər toy şənliklərinə buraxılmayıb.