SİYASƏT
Dindarlar ulu öndərin xatirəsini ehtiramla anmışlar
Bakı, 12 dekabr (AZƏRTAC). Dekabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və mərkəzi aparatın əməkdaşları ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət etmiş, ulu öndərin məzarı önünə əklil və tər güllər qoymuşlar.
DQİDK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, eyni zamanda, DQİDK-nın və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən dini icmaların iştirakı ilə ulu öndərin vəfatının 9-cu ildönümü münasibətilə tədbirlər təşkil edilmişdir.
Tədbirlərdə dini icma rəhbərləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Bakı və Sumqayıt şəhərləri daxil olmaqla analoji tədbirlər Gəncədə (Qərb bölgəsi), Lənkəranda (cənub bölgəsi), Zaqatalada (şimal-qərb bölgəsi), Beyləqanda (Qarabağ bölgəsi), Ağdaşda (Şirvan bölgəsi), Qubada (şimal bölgəsi) keçirilmişdir.
Anma tədbirlərində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, xüsusən də dini sahəyə olan qayğısından söz açılmış, Azərbaycandakı tolerantlıq mühitinin və sabitliyin formalaşmasının məhz onun müdrik, məqsədyönlü siyasətinin nəticəsində bərqərar olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, hazırda dini sahəyə dövlət qayğısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə dindarlar tərəfindən ulu öndərin ruhuna dualar edilmiş, ”Qurani-Kərim”dən surələr oxunmuş, məscidlərdə ehsan süfrələri açılmış, dahi rəhbərin adına xütbə və moizələr oxunmuşdur.