DÜNYA
Dinozavrlar bəşəriyyəti xərçəngdən xilas edəcəklər
Bakı, 9 iyul (AZƏRTAC). Amerika alimlərinin fikrincə, dinozavrlar və birbaşa onların nəslindən olan timsahlar bəşəriyyəti bir çox xəstəliklərdən, o cümlədən xərçəngdən xilas etmək iqtidarındadır.
Ən qədim sürünənin qalıqlarını öyrənən alimlər müəyyən etmişlər ki, səkkiz metrlik nəhəngin öz yaralarını sağaltmaq kimi nadir bacarığı olmuşdur. www.vladtime.ru saytının yazdığına görə, alimlərin qorqozavr adlandırdıqları sürünən təkcə ağır travmalardan sonra deyil, həm də ciddi xəstəliklərdən sonra bərpa oluna bilirmiş.
Alimlər müəyyənləşdirmişlər ki, öyrənilən fərdin qabırğası, ayağı sınmış, ciddi bakterial infeksiyaya yoluxmuş və onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Lakin bütün yaralarını müalicə edən heyvan xəstəliklərindən asanlıqla qurtulmuşdur. Heç bir müasir məməli bu qədər travmanın, xəstəliyin öhdəsindən gəlmək iqtidarında deyildir.
Alimlər əmindirlər ki, qorqozavrın möcüzəli şəkildə şəfa tapmasının sirri onun DNT-sindədir. Onların fikrincə, dinozavrların nəsillərindən olan timsahlar ətraflı öyrənilsə, çoxlu sayda kəşflər etmək və bu kəşflərin əsasında bir çox xəstəliklərin, o cümlədən onkoloji xəstəliklərin müalicəsi üçün dərmanlar hazırlamaq olar. Tədqiqatçılar əmindirlər ki, qədim əcdadları kimi timsahlar və alliqatorlar da bakterial infeksiyalara qarşı mübarizə aparmaq iqtidarındadır.