DÜNYA
Diş həkimi ABŞ-ın Oklahoma ştatı əhalisi arasında gərgin vəziyyət yaratmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatında yerləşən Tulsa Səhiyyə Mərkəzinin stomatoloji şöbəsində qeydə alınmış antisanitar şəraitlə əlaqədər ştat əhalisi arasında gərgin vəziyyət yaranmışdır.
AZƏRTAC xəbər verir ki, xəstəxana rəhbərliyi bildirmişdir ki, antisanitar şəraitlə əlaqədər yüzlərlə insanın Hepatit B və C, HİV viruslarına yoluxması ehtimal olunur. Rəhbərlik vəziyyətin ciddiliyini nəzərə alaraq son 6 ildə stomatoloji şöbədə həkim Skot Herinqtonun qəbulunda olan 7 minə yaxın xəstəyə məktub göndərərək onları geri çağırmışdır.
Araşdırma zamanı həkim Skot Herinqtonun şöbəsində eyni iynədən bir neçə xəstənin müalicəsində istifadə olunması, həmçinin vaxtı keçmiş dərmanlardan istifadə və s. kimi hallar aşkarlanmışdır.
Ştat polisi hazırda Herinqtonu axtarışa versə də, hələlik onun yerini müəyyənləşdirmək mümkün olmamışdır. İndiyədək ona qarşı 17 şikayət ərizəsi daxil olmuşdur.
Ümümilikdə, həkimin 1 milyondan çox dəyəri olan əmlaka sahib olduğu bildirilmişdir.