Dohada Zəfər Günü münasibətilə tədbir keçirilib
Qahirə, 10 noyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada Zəfər Gününün 5-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən təşkil edilən tədbirdə Türkiyə, Pakistan, Ukrayna, Türkmənistan və digər dost ölkələrin səfirləri və diplomatları, eləcə də müvəqqəti işlər vəkilləri, Qətər-Türkiyə Müştərək Hərbi Qüvvələrinin rəhbər heyəti, qətərli iş adamları, yerli ərəb və ingilisdilli qəzetlərin təmsilçiləri, Qətərdə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirin əvvəlində noyabrın 8-də Bakıda Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilmiş hərbi paradla bağlı videoçarx nümayiş olunub. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov tədbirdə çıxışında şanlı Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsinin səbəbləri barədə məlumat verib.
A.Məmmədov Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il işğal altında qalan torpaqlarımızın qüdrətli Azərbaycan Ordusunun apardığı 44 günlük müharibə ilə azad edildiyini və ərazi bütövlüyümüzün təmin olunduğunu bildirib.
Səfir Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqının yaşadığı məhrumiyyətləri daha yaxşı anlamaq üçün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qısa məlumat verib. Erməni qüvvələri tərəfindən azərbaycanlıların əvvəlcə Ermənistan ərazisindəki doğma tarixi yurdlarından, daha sonra isə Azərbaycanın Qarabağ torpağından didərgin salındığını qeyd edib.
Diplomat, həmçinin Azərbaycanın münaqişənin həlli yolunda atdığı addımlar, beynəlxalq təşkilatların qətnamələri haqqında qısa danışıb.
Səfir bu qələbənin memarının Prezident, Ali Baş Komandan İlham Əliyev olduğunu və onun rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbənin Cənubi Qafqazın geosiyasi reallığını dəyişdiyini xüsusilə qeyd edib.
Müharibədən sonrakı proseslərdən danışan A.Məmmədov Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə dərhal genişmiqyaslı yenidənqurma işlərinə başladığını, qısa müddət ərzində yeni yollar, körpülər, hava limanları, “ağıllı” kəndlər və şəhərlər salındığını vurğulayıb.
Səfir Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın regionda sülhün bərqərar olmasına töhfə verdiyini bildirib.
Çıxışdan sonra Zəfər Günü ilə əlaqədar videoçarx göstərilib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan musiqi parçalarına qulaq asıblar. Bundan başqa, qonaqlara Azərbaycan Ordusunun Zəfər rəmzi kimi tanınan “Xarıbülbül” döş nişanları hədiyyə edilib.
Qahirə