ELM VƏ TƏHSİL
Doktoranturaya qəbul və doktorluq imtahanları test texnologiyaları əsasında keçiriləcək
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” müvafiq Sərəncam imzalayıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, sərəncamın icrası ilə əlaqədar iyulun 3-də İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) seminar-müşavirə keçirilib.
Tədbirdə AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev çıxış edərək akademiyanın rəyasət heyətinin müvafiq qərarını xatırladıb. AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin qiymətləndirilməsi üçün yeni tələblərin müəyyənləşdirildiyi bildirilib.
R.Əliquliyev imtahanların test texnologiyaları əsasında həyata keçirilməsi ilə əlaqədar akademiyanın elmi müəssisələri, elmi bölmələri, o cümlədən alim və mütəxəssislərinin qarşısında AMEA prezidenti tərəfindən xüsusi vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, oktyabrın 1-dək ixtisas imtahanları üzrə test tapşırıqları tərtib olunmalı, eyni zamanda fəlsəfə və xarici dillər üzrə informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə xüsusi proqramlar hazırlanmalıdır. Akademik qarşıya qoyulan vəzifələrin qısa vaxtda həyata keçirilməsi baxımından bugünkü görüşün əhəmiyyətini qeyd edib.
R.Əliquliyev 2013-cü ildən etibarən İnformasiya Texnologiyaları İnstitutunda informatika üzrə elektron-test sisteminin fəaliyyət göstərdiyini vurğulayaraq doktorant və dissertantların qısa müddətdə şəffaf imtahan verdiklərini, onların biliklərinin obyektiv qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra “Test texnologiyaları: cari vəziyyət, yanaşmalar və mövcud təcrübə” mövzusunda məruzə dinlənilib. Məruzədə ölkənin təhsil sistemində test texnologiyalarından geniş istifadə olunduğu, bu texnologiyaların bilik səviyyəsinin müəyyənləşdirilməsində mühüm rol oynadığı qeyd edilib.
Daha sonra hazırda geniş tətbiq olunan test sistemi ilə bağlı videoçarx nümayiş olunub.
“GRBS” MMC-nin nümayəndəsi Pərvanə Əliyeva TOEFL və IELTS proqramları üzrə doktoranturaya qəbul və doktorluq imtahanları barədə ətraflı məlumat verib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib.