MƏDƏNİYYƏT
Dolma Festivalında Meksika mətbəxinin “Tamal”ı təqdim olunacaq
Bakı, 15 iyul, AZƏRTAC
Xaçmaz şəhərində keçirilən ikinci Beynəlxalq Dolma Festivalında ilk dəfə olaraq Meksika mətbəxinin “Tamal”ı təqdim olunacaq.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, təqdimatın keçirilməsində əsas məqsəd ikitərəfli mədəni əlaqələrin inkişafına töhfə vermək, UNESCO tərəfindən Bəşəriyyətinin Qeyri-Maddi Mədəni İrsi elan olunmuş Meksika mətbəx nümunələrini təşviq etmək və milli adətləri tanımaqdır.
Qeyd edək ki, “Tamal”ın kökü ispanların Meksikaya gəlişindən əvvəlki dövrə aiddir. O zaman həmin yemək dini mərasimlər zamanı ehsan kimi təqdim olunurdu. Meksika mətbəxi və mədəniyyətində vacib yer tutan “Tamal”ın 500-dən çox növü var. “Tamal” necə hazırlanır? Şirin və ya şirin olmayan hazır içlik xəmirlə qarışdırılır və ya xəmirə doldurulur. Sonradan banan, qarğıdalı yarpaqlarına və digər yarpaqlara bükülərək buxarda bişirilir.