DÜNYA
Donald Trampın yeni qərarı Berlində “nüvə narahatlığı”na səbəb olub
Berlin, 22 oktyabr, AZƏRTAC
AFR hökuməti ABŞ Prezidenti Donald Trampın Orta və yaxın mənzilli raketlərin (OYMR) ləğv edilməsi haqqında Rusiya ilə 1987-ci ildə imzalanmış müqaviləni pozmaq qərarı ilə əlaqədar “təəssüfləndiyini” bildirib.
Almaniya hökumətinin nümayəndəsi Ulrike Demmel bildirib ki, OYMR-in ləğv edilməsi haqqında müqavilə “silahlara nəzarətin mühüm elementidir” və “xüsusən Avropanın mənafelərinə xidmət edir”.
AZƏRTAC xəbər verir ki, Almaniyanın xarici işlər naziri Hayko Mas da Trampın bu qərarının “təəssüf doğurduğunu” bildirib. “Ağ evin mövqeyi AFR-i və Avropanı çətin vəziyyətə salır”, - deyən Mas OYMR haqqında sazişi “Avropanın təhlükəsizlik strukturunun özəyi” adlandırıb.
Almaniya bundan əvvəl tərəflərə dəfələrlə müraciət edərək OYMR müqaviləsinin ehtimal edilən pozulmaları ilə əlaqədar yaranan narazılıqlara aydınlıq gətirilməsini tələb edib. Mas bildirib ki, həmin sazişin pozulması strateji hücum silahlarının azaldılması haqqında yeni müqavilə üçün də mənfi nəticələrə gətirib çıxara bilər, çünki 2021-ci ildən sonrakı dövrdə də nüvə tərksilahının təmin olunması üçün təcili olaraq yeni müqavilə bağlanması zəruridir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin