DONETSK STADİONUNDA “AĞILLI EV”
Kiyev, 29 yanvar (AZƏRTAC). Ukrayna müstəqil xəbərlər agentliyinin verdiyi məlumata görə, Donetsk şəhərindəki “Donbass Arena” adlı yeni stadiona xalq arasında “ağıllı ev” adlandırılan avtomatlaşdırılmış idarəetmə sistemi (BMS) vasitəsilə nəzarət ediləcəkdir.
Bu texnologiya UEFA-nın “elit” kateqoriyalı (yeni stadion məhz bu kateqoriyaya mənsub olacaqdır) tikililərin standartlarına tam müvafiqdir.
BMS sistemi, ilk növbədə, “Donbass Arena” stadionunda tamaşaçıların maksimum təhlükəsizliyini və bütün mühəndis sistemlərinin tam monitorinqini təmin etməyə imkan verəcəkdir.
“Ağıllı ev” stadiondakı liftlərin, ventilyasiya sistemlərinin, stadionun şəhər yarımstansiyalarından və daxili dizel generatorlarından elektrik enerjisi ilə təchizatını, havatəmizləyici və qızdırıcı sistemlərin monitorinqini və onların idarə olunmasını əhatə edir. Bu texnologiyanın köməyi ilə yüksəkgərginlikli avadanlıqların, daxili və xarici işıqlandırma, soyuq və isti su təchizatı, habelə kanalizasiya sistemlərinin vəziyyətinə fasiləsiz nəzarət etmək mümkündür.
Bundan əlavə, BMS sistemi stadionda təhlükəsizlik və mühafizə siqnalizasiyası, videomüşahidə və mühəndis sistemlərinə, futbol meydanına xidmət edən avadanlığın, yanğın təhlükəsizliyi və bir sıra başqa sistemlərin vəziyyətinə nəzarət etməyə imkan verəcəkdir.
Bu texnologiyanın köməyi ilə əldə edilən məlumatlar bir neçə yüz ədəd kompyuterləşdirilmiş xüsusi nəzarət qurğuları vasitəsilə işləniləcəkdir. Bütün sistemin “ürəyi” sayılan dispetçer məntəqəsində toplanan məlumat iriformatlı monitorların ekranlarında mnemosxemlər şəklində əks olunacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev