SİYASƏT
“Donorlar ailəsinin” üzvü olmaq, beynəlxalq dəstək proseslərində iştirak etmək Azərbaycan üçün çox əhəmiyyətlidir
Bakı, 6 mart, AZƏRTAC
BMT-nin Radiosu ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev ilə müsahibə yayıb.
Müsahibənin preambulasında deyilir ki, Nyu-Yorkda, BMT iqamətgahında AIDA-nın fəaliyyətinin təqdimatı olub. Agentliyin başçısı Əşrəf Şıxəliyev donorlar cəmiyyətinin nümayəndələri və BMT əməkdaşları ilə məsləhətləşmələr aparmaq üçün Nyu-Yorka səfər edib. Görüşdə Ebola virusu ilə mübarizə məsələləri müzakirə edilib.
Ə.Şıxəliyev Artyom Paşşenkoya müsahibəsində bu barədə və Agentliyinin fəaliyyətindən ətraflı söz açıb.
- İngilis dilində AIDA abreviaturası ilə təqdim edilən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi 2011-ci ilin sentyabrında Azərbaycan XİN-in nəzdində yaradılıb.
Son on ildə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edib. Ölkə elə inkişaf səviyyəsinə yüksəlib ki, iqtisadiyyatı ona təkcə iri regional investisiya layihələrini generasiya etmək deyil, həm də inkişaf etməkdə olan ölkələrə yardıma başlamaq imkanı verib.
Azərbaycan uzun müddət xarici yardım alan ölkə olub və indi, nəhayət, biz də başqa ölkələrin inkişafına öz töhfəmizi vermək, onlara yardım göstərmək imkanı əldə etmişik.
Agentlik əlaqələndirilmiş şəkildə yardım göstərmək məqsədi ilə yaradılıb və iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət humanitar yardım, ikincisi isə inkişafa yardımdır.
Humanitar istiqamət təbii və texnogen fəlakətlər zamanı təcili humanitar yardım göstərməkdir. Agentlik həm özü yardım göstərir, həm də Azərbaycanın digər idarələrinin yardımını əlaqələndirir.
Ötən il biz Əfqanıstan, Serbiya, Bosniya və Herseqovina və Pakistanda daşqınların nəticələrinin aradan qaldırılmasına yardım göstərmişik. Pakistanda səkkiz şəhərin zərər çəkmiş sakinlərinə yardım etmişik. Ərzaq yardımımızdan 25 min adam faydalanıb.
Qəzzə bölgəsinin bərpa edilməsinə yardım göstərilib. İndi Agentlik Ebola əleyhinə mübarizəyə yardım edir. Biz bu ehtiyaclara bir milyon dollar ayıracağıq. Nyu-Yorka səfərim zamanı bu məsələ ilə bağlı tərəfdaşlarla məsləhətləşmələr aparmışam.
İndi isə inkişaf məqsədi daşıyan proqramlar haqqında. İlk növbədə Azərbaycanın ən yaxşı ali məktəblərində təhsil alan inkişaf etməkdə olan ölkələrin tələbələrinə təqaüdlərin verilməsini vurğulamaq istəyirəm. Bu, həmin ölkələrin iqtisadiyyatları üçün son dərəcə əhəmiyyətlidir, çünki gənclər seçdikləri ixtisas üzrə təhsil alırlar. Bu da onların gələcək həyata vəsiqəsidir. Azərbaycanda aldıqları keyfiyyətli təhsil bütövlükdə onların gələcək həyatını müəyyən edir.
Biz Azərbaycanın sanballı nailiyyətlər qazandığı sahələrdə treninqlərə və mütəxəssislərin öz ixtisaslarını artırmasına dəstək göstəririk. Biz başqa nailiyyətlərimizlə də bölüşməyə hazırıq. İlk növbədə bu, neft sektoruna aiddir. Bu sahədə xeyli təcrübə və güclü elmi potensial toplamışıq.
Odur ki, neft sektoruna malik inkişaf etməkdə olan ölkələrin nümayəndələrini dünyanın ən qocaman ali məktəblərindən biri sayılan Azərbaycan Dövlət Neft Akademiyasına dəvət edirik. Bu, çox güclü ali məktəbdir və biz onunla əməkdaşlıq edirik.
Biz İslam İnkişaf Bankı ilə əməkdaşlıq şəraitində katarakta əleyhinə mübarizədə Afrika ölkələrinə yardım göstəririk. Afrikanın doqquz ölkəsində həyata keçirilən bu proqram çərçivəsində Azərbaycanın və digər ölkələrin oftalmoloqları əhalinin pulsuz tibbi müayinədən keçirilməsində iştirak edir, katarakta və qlaukoma xəstəlikləri aşkar olunanda, pulsuz əməliyyatlar edirlər. Onlar yerli oftalmoloqları öyrədirlər ki, mütəxəssislər öz ölkələrinə qayıdandan sonra belə əməliyyatların davam etdirilməsi üçün daxili potensial yaradılsın.
Davamlı yardım belə əldə olunur. Agentliyimiz yardım göstərəndə, biz sabitlik amilinə xüsusi diqqət yetiririk. Məqsədimiz müsbət dəyişikliklər etmək, mövcud potensialı möhkəmləndirmək olduğuna görə bu, əhəmiyyətlidir. Odur ki, biz həmişə proqramların son nəticələrinə baxırıq. Nəticə varsa və sabitdirsə, deməli, öz məqsədimizə çatmışıq.
- Siz qeyd etdiniz ki, Agentlik Ebola əleyhinə mübarizəyə bir milyon dollar yönəldəcək. Bu, hər hansı müəyyən ölkəyə yardım olacaq, yoxsa vəsait müəyyən tədbirlərə yönəldiləcək?
- Biz həmin pulların hara yönəldiləcəyini müəyyən etməyə çalışırıq. Çox güman, bu, BMT-nin iki strukturu olacaq. Bu strukturlar Ebolaya qarşı mübarizəyə dair birgə razılaşdırılmış proqramlar həyata keçirəcəklər. Biz qarşımıza həmin vəsaiti hər hansı bir ölkəyə yatırmaq məqsədi qoymuruq. Hazırda məsləhətləşmələr aparır və bu yardımdan istifadə formatını müəyyən edirik.
Onu da əlavə edim ki, informasiya-kommunikasiya texnologiyaları sahəsində yardım göstərilməsi və elektron hökumət yaradılması Agentliyin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Məsələn, BMT İnkişaf Proqramı ilə birlikdə Əfqanıstanda belə bir layihə həyata keçiririk. Biz bu təcrübəni bir neçə ölkəyə yaymaq niyyətindəyik.
İnkişaf etməkdə olan ölkələrdə intellektual potensialın yaradılması son dərəcə əhəmiyyətlidir. Buna görə də biz həmin ölkələrlə elmi əməkdaşlığın inkişafına şərait yaradırıq.
Agentliyimiz yeni yaradılıb. İnkişaf və beynəlxalq yardım yoluna qədəm qoyan hər hansı yeni donor ölkə kimi Azərbaycan bu yardımı mümkün qədər daha səmərəli etmək istəyir. “Donorlar ailəsi”nin üzvü olmaq, tərəfdaşlarımızla birlikdə bu proseslərdə iştirak etmək bizim üçün çox əhəmiyyətlidir.
Bizim zəngin təcrübəmiz, hadisələrə öz baxışımız və ideyalarımız var və bunları tərəfdaşlarımızla bölüşməyə hazırıq. Eyni zamanda biz daim öyrənir, proqramlarımızı yaxşılaşdırmağa, daha səmərəli etməyə çalışırıq, çünki sonunda bu proqramların hamısı inkişaf etməkdə olan ölkələrdə həyatını yaxşılaşdırmağa çalışdığımız insanlar üçün nəzərdə tutulub.