İQTİSADİYYAT
Doqquz bankın qorunan əmanətçilərinə 222 milyon 101 manatdan artıq kompensasiya ödənilib
Bakı, 29 avqust, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 20 milyon 854 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 36 milyon 980 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 11 milyon 483 min manat, "Dekabank" ASC-nin əmanətçilərinə isə 2 milyon 477 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 71 milyon 794 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və “Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 5 milyon 826 min manatdan artıq kompensasiya ödənilib ki, bunun 4 milyon 894 min manatı "Atrabank"ın, 932 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 895 min 554 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 534 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 481 min manatdan çoxdur.
Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 222 milyon 101 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.