DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Avqustun 23-də Prezident sarayında Azərbaycan və İordaniyanın dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir.
Prezident İlham Əliyev Kral əlahəzrət II Abdullanı bir daha səmimi salamladı, İordaniya Krallığı ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini söylədi. İordaniyanın dövlət başçısının Azərbaycana səfərinin və aparılan danışıqların ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini vurğulayan Prezident İlham Əliyev dedi ki, ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu əlaqələri iqtisadi münasibətlərin genişlənməsinə yönəltməyin vaxtıdır. Bunun üçün gözəl perspektivlər var.
Prezident İlham Əliyev İordaniya Krallığında fəaliyyətə başlayan Azərbaycan səfirliyinin əlaqələrimizin daha da möhkəmlənməsinə və dərinləşməsinə xidmət edəcəyini bildirdi.
Kral II Abdulla Bakıya səfərindən, Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu söylədi. Bakıda olduğu qısa müddət ərzində Azərbaycanda görülən işlərdən və xalqın gələcəyi üçün nəzərdə tutulan layihələrin icrasından məmnunluğunu ifadə edən İordaniya Kralı bu tərəqqinin ölkəsində Azərbaycana olan marağın xeyli artmasına səbəb olduğunu bildirdi. O, ölkələrimiz arasında siyasi əlaqələri sosial-iqtisadi müstəviyə yönəltmək barədə Azərbaycan Prezidentinin fikirləri ilə tamamilə razılaşdığını bildirdi və əməkdaşlığın genişlənməsinin xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğuladı.
Əlahəzrət II Abdulla Azərbaycan Prezidenti İlham Əliyevi İordaniyaya rəsmi səfərə dəvət etdi.