DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 20-də, Abu-Dabidə, Əl-Müşrif Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zaid Al Nəhyanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərinin əhəmiyyəti vurğulandı. Bildirildi ki, imzalanacaq sənədlər ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün möhkəm hüquqi baza yaradacaqdır. Azərbaycanın və BƏƏ-nin iş adamlarının iştirakı ilə keçiriləcək biznes forum hər iki tərəf üçün faydalı olacaqdır.