DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, martın 30-da Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Prezident İlham ƏLİYEV görüşü açaraq dedi:
-Hörmətli cənab Prezident, hörmətli qonaqlar! Mən sizi bir daha Azərbaycanda ürəkdən salamlayıram, “Xoş gəlmisiniz!”. Biz ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət veririk və əminəm ki, Sizin Azərbaycana rəsmi səfəriniz bu münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Bu gün Sizinlə təkbətək görüşdə ikitərəfli münasibətlərin bütün aspektlərini geniş müzakirə etdik və görürük ki, bizim aramızda çox yaxşı siyasi münasibətlər, dostluq əlaqələri var. Biz çox istəyirik ki, bu əlaqələr daha da güclənsin. Görüşümüzdə həm ikitərəfli münasibətlər geniş şəkildə müzakirə olundu, həm də Avropa İttifaqı-Azərbaycan münasibətləri və regional məsələlər.
Bu, Sizin Azərbaycana ilk səfərinizdir və əminəm ki, səfər çox uğurlu olacaqdır. Bir daha “Xoş gəlmisiniz!”.
Polşa Prezidenti Lex KAÇİNSKİ təşəkkür edərək dedi:
-Hörmətli cənab Prezident, xanımlar və cənablar! Mən istəyirəm ki, ilk növbədə, Bakıya səfərimdən olduqca məmnunluğumu bildirim. Bakı çox gözəl şəhərdir. Ümumiyyətlə, Bakıya gəlmək mənim üçün böyük şərəfdir.
Cənab Prezident Sizinlə görüşməyimdən olduqca məmnunam. Düzdür, dediyim kimi, mən Azərbaycana, Bakıya ilk rəsmi səfərimə çıxmışam, lakin biz cənab Prezidentlə bundan əvvəl bir-birimizlə tanış olmaq imkanına malik olmuşuq. Aramızda dostluq münasibətləri var.
Polşa rəhbəri bildirdi ki, onun bu səfəri ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı, regionda və dünyada gedən proseslərlə bağlı fikir mübadiləsi aparılması baxımından da çox əhəmiyyətlidir.