DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 23-də Seulda, “Çonqvade” Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident Ro Mu Hyun Azərbaycan Prezidentini və nümayəndə heyətini salamladı, bir il bundan əvvəl ölkəmizə rəsmi səfərini, onun gedişində birgə bəyannamə və bir sıra sənədlər imzalandığını xatırlatdı. O dedi ki, Prezident İlham Əliyevin Koreya Respublikasına bu dövlət səfəri ikitərəfli əlaqələrin yeni səviyyəyə qaldırılması üçün daha yaxşı imkanlar yaradacaqdır.
Prezident İlham Əliyev özünə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi və dedi ki, Koreya Respublikasına bu səfərim cənab Ro Mu Hyunun Azərbaycana səfərindən sonra başlanmış real dialoqun davam etdirilməsi üçün yaxşı imkan yaradır. Qısa müddət ərzində əlaqələrimiz müxtəlif sahələrdə inkişaf etmiş və yeni mərhələyə qalxmışdır.
Görüşdə hazırda rabitə, nəqliyyat, energetika, şəhərsalma, kənd təsərrüfatı, habelə mədəniyyət, təhsil və digər sahələrdə iri layihələr üzərində iş getdiyini məmnunluqla vurğulayan dövlət başçıları xüsusən qeyri-neft sahələrinin inkişafı istiqamətində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.
Danışıqlarda Cənubi Koreyanın iş adamlarının regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələri daha da fəallaşdırmaq və ölkəmizin iqtisadiyyatına əhəmiyyətli investisiya qoymaq niyyəti açıqlanmışdır.
Tərəflər Azərbaycan-Cənubi Koreya ikitərəfli münasibətləri, ölkəmizin sürətli iqtisadi inkişafı, dünyanın, o cümlədən Cənubi Koreyanın aparıcı şirkətlərinin Azərbaycana marağının artması və digər məsələlər barədə geniş fikir mübadiləsi apardılar.