DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Avqustun 13-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İLHAM ƏLİYEV görüşü açaraq dedi:
-Hörmətli Emoməli Şərifoviç!
Hörmətli qonaqlar!
Sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm. Biz çox şadıq ki, Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu, bizim ölkəyə Sizin ilk rəsmi səfərinizdir və mənim bildiyimə görə, ilk dəfədir ki, Azərbaycana gəlmisiniz. Ümidvaram ki, bu səfər həm məzmunca, həm də forma etibarilə çox uğurlu olacaqdır.
Biz ölkələrimizin ikitərəfli əlaqələrinə böyük əhəmiyyət veririk. Bu ilin baharında mən Sizin ölkədə rəsmi səfərdə olmuşam. Bu gün Siz Azərbaycandasınız. Bu, ölkələrimiz arasında fəal siyasi münasibətlərin nümayişidir.
Bu gün biz təkbətək görüşdə qarşılıqlı siyasi və iqtisadi əlaqələrin çox mühüm məsələlərini müzakirə etdik və müvafiq qurumlara artıq konkret tapşırıqlar verdik ki, ən qısa müddətdə inteqrasiya xarakterli ciddi iqtisadi layihələrə başlayaq. Əlbəttə, bu, həm əmtəə dövriyyəsinin artmasına, həm də ölkələrimiz arasında daha sıx inteqrasiyaya kömək edəcəkdir.
Biz yaxın vaxtlarda, ən qısa müddətdə Sizin ölkədə Azərbaycanın səfirliyini açacağıq, bu da bizim əlaqələrə nə dərəcədə əhəmiyyət verməyimizin ciddi indikatorudur.
Ümidvaram ki, ölkəmizdə olmağınız Sizin yadınızda qalacaq, faydalı və xoş olacaqdır. Biz həm də regional xarakterli bütün məsələlər üzrə gələcək səmərəli qarşılıqlı əlaqələrə, ikitərəfli siyasi və iqtisadi münasibətlərə, regionda təhlükəsizlik sisteminin möhkəmlənəcəyinə ümid edirik. Bizdə bütün sahələrdə tam qarşılıqlı anlaşma var.
Bir daha xoş gəlmisiniz.
Sonra Prezident EMOMƏLİ RƏHMON çıxış edərək dedi:
-Hörmətli İlham Heydər oğlu!
Dost Azərbaycana səfərə dəvət etdiyinizə və bizi hərarətlə və səmimi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Biz Tacikistan dövlətinin başçısının Azərbaycan Respublikasına ilk rəsmi səfərinə böyük əhəmiyyət veririk və əminik ki, bu səfər Tacikistan-Azərbaycan əməkdaşlığının bütün kompleksinin inkişafına güclü təkan verəcəkdir. Tacikistan bunu əsas götürür ki, qloballaşma proseslərinin, müxtəlif ölkələrin qarşılıqlı əlaqələrinin intensivləşdiyi dövrdə bizim birgə səylərimiz həyatın bütün sahələrində əlaqələrin hərtərəfli inkişafına yönəldilməlidir. Hörmətli İlham Heydər oğlu, Sizin ölkəmizə səfərinizdən sonra çoxəsrlik zəngin ənənələri olan iki dövlət arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çatdırılmışdır.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.