DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 13-də, Azərbaycan və Litva prezidentlərinin təkbətək görüşündən sonra dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Görüşdə ikitərəfli əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Litva Prezidenti Valdas Adamkus Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsə ilk rəsmi səfərini yüksək qiymətləndirərək dedi ki, ölkələrimiz arasında münasibətlər qısa müddətdə intensiv inkişaf etməyə başlamışdır. Ölkələrimiz arasında hansısa fikir ayrılığı yoxdur.
Litva rəhbəri vurğuladı ki, budəfəki dialoq oktyabr ayında Vilnüsdə keçiriləcək və Azərbaycanın dövlət başçısının da iştirak edəcəyi energetika sammitində davam etdiriləcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasına ilk rəsmi səfərinin gedişində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək dedi ki, biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir. Avratlantik strukturları ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Litva Avratlantik strukturlarına inteqrasiyada Azərbaycanı dəstəkləyir və bizə kömək edir.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün siyasi iradənin olduğu vurğulandı, eyni zamanda bildirildi ki, bu əlaqələr, o cümlədən ticarət dövriyyəsinin həcmi tərəflərin mövcud potensialına uyğun gəlmir. Bu baxımdan səfər çərçivəsində keçiriləcək biznes forumunun əhəmiyyətli olacağı bildirildi. Səfirliklərin fəaliyyətə başlanması da iqtisadi əlaqələrin genişlənməsində müsbət rol oynayacaqdır.