DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti Stepan Mesiçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İLHAM ƏLİYEV görüşü açaraq dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar, mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Mən əminəm ki, Sizin səfəriniz və burada aparılacaq danışıqlar, imzalanacaq sənədlər bizim aramızda olan münasibətləri daha da yüksək pilləyə qaldıracaqdır.
Ölkələrimiz arasında siyasi əlaqələr çox sürətlə inkişaf edir. Mən iki il bundan əvvəl Sizin ölkənizə səfərimi xatırlayıram və o səfərdən sonra müxtəlif səviyyələrdə əlaqələr xeyli dərəcədə genişlənmişdir.
Sizin səfəriniz çərçivəsində həm yeni sənədlər imzalanacaq, eyni zamanda, sabah iş adamlarının biznes forumu keçiriləcəkdir. O da öz növbəsində iqtisadi əlaqələrin inkişafı üçün çox önəmli bir vasitə olacaqdır. Bir sözlə, mən əminəm ki, Sizin səfəriniz çox uğurlu olacaq və səfərdən sonra əlaqələrimiz daha da sürətlə irəliyə gedəcəkdir.
Sonra Xorvatiya Prezidenti STEPAN MESİÇ çıxış edərək dedi:
- Cənab Prezident, çox sağ olun.
Biz təkbətək görüşdə çox mövzuları müzakirə etdik. İndi isə bu məsələlər barədə daha geniş müzakirələr aparmaq imkanı qazandıq. Hər iki tərəfin çox böyük potensialı var və eyni zamanda, əməkdaşlıq üçün siyasi iradə də var. Lakin bu günə qədər hər iki ölkə arasında iqtisadi təmaslar o qədər də çox olmamışdır.
Siz tamamilə düzgün qeyd etdiniz ki, nümayəndə heyətlərimiz arasında uğurlu və intensiv danışıqlar aparılacaq və təbii ki, fikir mübadiləsi hər iki tərəfin keçirəcəyi biznes forumu çərçivəsində davam etdiriləcəkdir.
X X X
Sonra görüşdə fikir mübadiləsi davam etdirildi.