DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İLHAM ƏLİYEV görüşü açaraq dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən sizi Azərbaycanda ürəkdən salamlayıram, xoş gəlmisiniz!
Sizin Azərbaycana rəsmi səfərinizə çox böyük əhəmiyyət veririk. Mən əminəm ki, bu səfər və onun nəticələri iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinin inkişafında çox böyük rol oynayacaqdır. Biz çox şadıq ki, Cümhurbaşqanı kimi Siz ilk rəsmi səfərinizi Azərbaycana etmisiniz. Bu bizi çox məmnun edir və bir daha onu göstərir ki, bizim münasibətlərimiz qardaşlıq, dostluq münasibətləridir və Türkiyə ilə Azərbaycan həmişə olduğu kimi, bundan sonra da ən yaxın müttəfiqlər kimi öz aralarında olan münasibətlərin bütün sahələrinin inkişafında fəal çalışacaqlar.
Bu gün biz Sizinlə həmişə olduğu kimi, çox geniş söhbət apardıq və ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olundu. Əminəm ki, səfəriniz və səfər çərçivəsində aparılan danışıqlar, imzalanacaq sənədlər həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əlaqələrimizi daha da yüksək pilləyə qaldıracaqdır. Doğma vətəninizə bir daha xoş gəlmisiniz. Əminəm ki, səfəriniz çox uğurlu keçəcəkdir.
Sonra Türkiyə Prezidenti ABDULLAH GÜL çıxış edərək dedi:
-Hörmətli Cümhurbaşqanı!
Hörmətli nazirlər!
Hörmətli dostlar!
Bu gün Azərbaycanda, Bakıda olmaqdan böyük bir sevinc və məmnuniyyət duyuram. Buraya nazir dostlarım və çox sayda türk iş adamı ilə bərabər gəlmişik. Azərbaycanın böyük öndəri rəhmətlik Heydər Əliyevin dediyi kimi “Biz bir millət, iki dövlətik”, yəni, biz ayrı bir qardaş dövlətə gəlmişik. Bakını, Azərbaycanı biz belə görürük.
Müstəqilliyə qovuşduğunuzdan bu günədək əlaqələrimiz, işbirliyimiz çox yüksək səviyyəyə çatmışdır. Bu səfərimin müstəqilliyinizin ildönümünə təsadüf etməsi də çox önəmlidir. Bu müddət ərzində Azərbaycanın çox böyük yol qət etdiyinin şahidi olanlardan biriyəm. Buraya hər gəlişimdə Bakının necə dəyişdiyini, Azərbaycanın necə dəyişdiyini gözlərimizlə görməkdən bir qürur və məmnunluq duyuruq. Əminəm ki, bu səfərimiz də əlaqələrimizə yeni rəng qatacaqdır. Həm iki ölkənin əlaqələrinin, həm də bölgəmizin məsələlərinin müzakirəsi baxımından önəmli bir fürsət olacaqdır.
Cümhurbaşqanı seçildikdən sonra məni təbrik etdiniz və səfərə dəvət etdiniz. Mən də bu dəvəti qəbul edərək, ilk səfərimi Azərbaycana etməkdən məmnun oluram. Bunun əlaqələrimizin sadəcə sözdə deyil, dostluğumuzun sadəcə dildə deyil, qəlbimizdə və içimizdə olduğunu göstərmək baxımından da bir nümunə olduğunu düşünürəm. Bizə göstərdiyiniz səmimiyyətə görə çox təşəkkür edirəm.