DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
Mayın 5-də Azərbaycan və İordaniyanın dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir.
Prezident İLHAM ƏLİYEV Kral II Abdullahı salamlayaraq dedi:
-Əlahəzrət,
hörmətli dostlar!
Sizi bir daha görməyimə çox şadam və Sizə “Xoş gəlmisiniz” deyirəm.
Bizim Bakıda, Əmmanda bir çox görüşlərimiz olub və regional məsələlərə, beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür. Bizim aramızda dostluq və tərəfdaşlıq var. Şəxsi münasibətlərimiz də ölkələrimiz arasındakı münasibətlərin inkişafında böyük rol oynayır. Bu sahələrdə böyük tərəqqiyə nail olmuşuq. Bizim çox güclü münasibətlərimiz var. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik.
Mən bu fürsətdən istifadə edərək, BMT-nin Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə əlaqədar qətnamədə bizi dəstəklədiyinizə görə minnətdarlığımı bildirirəm. Biz, eyni zamanda, ikitərəfli maraq doğuran məsələlərdə bir-birimizi dəstəkləyirik. İqtisadi münasibətlərimiz, əməkdaşlığımız genişlənir. Sabah bu məsələləri daha ətraflı şəkildə müzakirə edəcəyik. Hər bir sahədə bizim olduqca yüksək səviyyədə təşəkkül tapmış münasibətlərimiz var. Biz dostuq və tərəfdaşıq.
Mən Sizi Azərbaycanda qəbul etməyimdən çox məmnunam və əminəm ki, bu səfər gələcək əməkdaşlığımızda vacib rol oynayacaqdır.
İordaniya Kralı II ABDULLAH təşəkkür edərək dedi:
-Zati-aliləri, çox sağ olun. Ölkənizə yenidən səfər etmək məndən və nümayəndə heyətindən ötrü böyük şərəfdir.
Qeyd etdiyiniz kimi, biz, sözün əsl mənasında, son illər ərzində bir çox mühüm qərarlar qəbul etmişik və əlaqələrimizi strateji səviyyəyə qaldırmışıq. Biz dünyanın bu regionunda bir çox ölkələrlə, xüsusən də Sizin ölkənizlə strateji əlaqələrin qurulmasını vacib hesab edirik.
######
