DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, mayın 12-də Azərbaycan və İsveçrənin dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV görüşü açaraq dedi:
-Bu, bizim münasibətlərimiz tarixində İsveçrə Konfederasiyası Prezidentinin Azərbaycana ilk səfəridir. Mən bilirəm ki, Siz Azərbaycanda müəyyən yerlərə səfər etmisiniz və insanlarla görüşmüsünüz. Bizim bugünkü danışıqlarımız dostluq və konstruktiv şəraitdə keçibdir. Əminəm ki, Sizin Azərbaycana səfəriniz və onun nəticələri uğurlu olacaqdır. Bu, bizim əlaqələrimizin yeni səhifəsidir. Biz tərəfdaşlığımızın bütün istiqamətlərində inkişafa böyük nikbinliklə baxırıq. Hazırda hər iki ölkədə səfirliklər var, ikitərəfli layihələr və inkişaf üçün geniş imkanlar mövcuddur. Ümid edirəm ki, səfəriniz başlandığı kimi, uğurla da davam edəcəkdir. Sizə xoş arzularımı yetirirəm.
Sonra çıxış edən İsveçrə Konfederasiyasının Prezidenti PASKAL KUŞPEN dedi:
-Cənab Prezident, bu gözəl sözlərə və səmimi qəbula görə təşəkkür edirəm. Bu səmimi münasibəti biz ölkəyə gəldiyimiz andan hiss edirik. Doğrudur, artıq bizim aramızda yaxşı münasibətlər yaranmışdır, lakin bunun daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Qeyd etmək istərdim ki, səfirlərimiz də iqtisadi münasibətlərimizin daha da genişlənməsinə öz töhfələrini verə bilərlər. Təbii ki, bu münasibətlər gələcəkdə daha da genişlənəcəkdir. Eyni zamanda, mədəni əlaqələrimizi də inkişaf etdirməliyik ki, bir-birimizi daha yaxından tanıyaq. Bu, çox vacibdir. Çünki indiki əlaqələrimizin səviyyəsi bizi o qədər də qane edə bilməz. Lakin biz mövcud əlaqələrdən də başlaya bilərik, onlar yaxşı səviyyədədir. Onu da deyim ki, iki ölkə arasında ticarət dövriyyəsi də get-gedə artır və əminəm ki, bundan sonra da artacaqdır.
######
