DÖVLƏT BAŞÇILARININ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, mayın 19-da Azərbaycanın və Türkmənistanın dövlət başçıları arasında hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olmuşdur.
Prezident İLHAM ƏLİYEV Prezident Qurbanqulu Berdiməhəmmədovu salamlayaraq dedi:
-Hörmətli Qurbanqulu Malikquliyeviç!
Hörmətli qonaqlar!
Mən Sizi Azərbaycan torpağında salamlayıram. Ölkəmizə səfər etdiyinizə görə Sizə təşəkkür edirik və əminik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində mühüm mərhələ olacaq, ölkələrimizin potensialını və əməkdaşlıq perspektivlərini daha tam reallaşdırmağa imkan verəcəkdir. Mən çox şadam ki, Siz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmisiniz. Nümayəndə heyətinin üzvləri müxtəlif sahələri təmsil edirlər və bu fakt bizim çoxşaxəli, hərtərəfli əməkdaşlığı, iqitisadi və humanitar əlaqələri inkişaf etdirmək arzumuzun ortaq olmasını vurğulayır.
Bizim ölkələrimiz arasında ümumi cəhətlər çoxdur, keçmişdə həmişə sülh və dostluq şəraitində yaşamışıq. Bu gün də müstəqil Türkmənistan və müstəqil Azərbaycan fəal inkişaf etməkdə olan dövlətlərdir. Əminəm ki, bu gün bizim ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etməyimiz bu əməkdaşlığın geniş proqramını müəyyən etməyə imkan verəcəkdir.
Bu gün biz ikitərəfli münasibətlərin çox mühüm məsələlərini müzakirə etdik. İndi müzakirələrimizi geniş tərkibdə davam etdirəcəyik.
Bu gün bizim qonağımız olduğunuza görə Sizə təşəkkür etmək, Sizə və qardaş türkmən xalqına firavanlıq və səadət diləmək istəyirəm.
Prezident QURBANQULU BERDİMƏHƏMMƏDOV çıxışında dedi:
-Hörmətli İlham Heydər oğlu!
Əziz dostlar!
Hörmətli İlham Heydər oğlu, mən, ilk növbədə, bu cür səmimi qəbul üçün, qardaş Azərbaycan torpağında bizə göstərdiyiniz qonaqpərvərlik üçün Sizə səmimi təşəkkürümü bildirmək, Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu etmək istərdim.
Bizim bu səfərimiz ikitərəfli dialoqun fəallaşması şəraitində keçir və münasibətlərimizin bütün spektrinin keyfiyyətcə yeni səviyyəsi ilə xarakterizə olunur. Onu da qeyd etmək istərdim ki, biz Azərbaycan Prezidenti ilə müntəzəm əlaqə saxlayırıq və beynəlxalq forumlarda bizim görüşlərimiz buna sübutdur. İndicə Sizinlə çox ətraflı fikir mübadiləsi apardıq, iki dövlət arasında qarşılıqlı münasibətlərin vəziyyətini və perspektivlərini, qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq məsələləri müzakirə etdik.
Onu da vurğulamaq istəyirəm ki, bizim xalqlarımızın rifahına yönəlmiş əməkdaşlığımızın böyük gələcəyi var. Bununla əlaqədar hökumətlərarası səviyyədə, ilk növbədə, Türkmənistanın və Azərbaycanın dövlət orqanları arasında getdikcə genişlənməkdə olan əlaqələr böyük əhəmiyyət kəsb edir.
Keçən il yaradılmış və ikitərəfli əməkdaşlığın dərinləşməsi baxımından mühüm mexanizm kimi fəaliyyət göstərən Türkmənsitan-Azərbaycan hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının işi hərtərəfli dəstəklənməyə layiqdir.
Ölkələrimiz beynəlxalq aləmdə, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır. Bu baxımdan, biz regional və qlobal səviyyələrdə sülh, təhlükəsizlik və inkişafın mühüm problemlərinə dair fikir mübadiləsi aparırıq.
Biz belə hesab edirik, Birləşmiş Millətlər Təşkilatı planetdə sülh, təhlükəsizlik və davamlı inkişaf məsələlərini həll etməli olan universal beynəlxalq hüquqi mexanizmdir.
Müasir dövrün qarşılıqlı maraq doğuran aktual problemləri barədə məsləhətləşmələrimizin davam etdirilməsinin məqsədəuyğun olmasını da qeyd etmək lazımdır. Fürsətdən istifadə edərək, azərbaycanlı dostlarımıza, ilk növbədə, hörmətli Prezident İlham Əliyevə Aşqabadda BMT-nin Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin yaradılması barədə Türkmənistanın təşəbbüsünü dəstəklədiyinə görə təşəkkür etmək istərdim.
Sonra Azərbaycan-Türkmənistan münasibətləri barədə fikir mübadiləsi davam etdirildi.
######
