DÖVLƏT BAŞÇILARININ ŞƏRƏFİNƏ
Zirvə görüşü başa çatdıqdan sonra Antalyanın “Şeraton” mehmanxanasında Türkiyə Prezidenti Əhməd Necdət Sezərin adından dövlət başçılarının şərəfinə rəsmi ziyafət verildi. Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə iştirak edirdi.
Türkiyə Prezidenti Əhməd Necdət Sezər ziyafətdə çıxış edərək, dövlət başçılarını və nümayəndə heyətlərinin üzvlərini Antalya zirvə görüşünə yeni məna verən və onun əhəmiyyətini artıran hadisə - dövlət müstəqilliklərinin 15 illiyi münasibətilə ürəkdən təbrik etdi. O dedi ki, qardaşlarımızın 15 il ərzində çatdıqları səviyyə bu gün bizə qürur hissi verir.
İlk dəfə 1992-ci ildə Ankarada təşkil edilən zirvə görüşündən sonra ölkələrimiz arasında ikitərəfli münasibətlərdə olduğu kimi, çoxtərəfli əməkdaşlıq sahəsində də böyük işlər görüldüyünü diqqətə çatdıran Əhməd Necdət Sezər indiki zirvə görüşündə bölgədəki və beynəlxalq aləmdəki vəziyyət, əlaqələrin genişləndirilməsi, bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıldığını bildirdi.
O dedi ki, ölkələrimizin yerləşdiyi bölgədə sülhü və sabitliyi təhdid edən mənfi amillər mövcuddur, bunlara qarşı dayanmaq üçün bölgədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi zəruridir. Bizim məqsədimiz ölkələrimiz arasındakı əməkdaşlığı bu baxımdan inkişaf etdirərək, həm ictimai inkişaf və rifaha, həm də beynəlxalq sülh və əmin-amanlığa öz töhfəmizi verməkdir. Türkdilli ölkələrin bir-birinin təcrübəsi və imkanlarından istifadə edərək, öz inkişaflarını sürətləndirəcəklərinə və müasir dövlətlər arasındakı yerlərini möhkəmləndirəcəklərinə inanırıq. Eyni bölgədə yerləşən ölkələr olaraq, aramızdakı əməkdaşlıq imkanlarından ən yüksək səviyyədə istifadə etmək, bizdən sonrakı nəsillərə yaxşı bir dünya, miras qoymaq məsuliyyəti daşıyırıq. Prezidentlərin, xalqlarımızın liderlərinin üzərinə bölgəmizi rəqabət meydanı olmaqdan qurtararaq, əməkdaşlıq və sabitlik zonasına çevirmək üçün əlimizdən gələn bütün işləri görmək kimi böyük vəzifə düşür.