MƏDƏNİYYƏT
Dövlət bayrağımız milli qürurumuzdur
Bakı, 10 noyabr, Z.Mansurova, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Universitetin YAP Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli bildirib ki, milli bayraq mənəvi, siyasi, ideoloji baxımdan bir dövlətin və millətin simvolu olub, onların mövcudluğunu göstərən rəmzdir. Şəhidlərimizin qanı hesabına dalğalanan üç rəngli bayrağımızı qorumaq hər birimizin vətəndaşlıq borcudur.
Qeyd edib ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə, milli varlığının ifadəsidir.
Tədbirdə çıxış edənlər müasir Azərbaycan bayrağı hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət bayrağı kimi qəbul edilib və 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada yenidən bərpa edilərək Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Vurğulanıb ki, bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu da son illər ərzində müxtəlif sahələrdə, o cümlədən, xarici siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət və idman sahəsində əldə olunan nailiyyətlərin bariz nümunəsidir.