REGİONLAR
Dövlət Baytarlıq Nəzarəti Xidməti bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 11 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Bakı şəhərində keçiriləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bazarlarda ciddi baytarlıq nəzarətinin aparılmasını nəzərdə tutur.
Bu barədə AZƏRTAC-a Xidmətdən məlumat veriblər.
Həmçinin, baytarlıq xidməti respublikanın digər şəhər və rayonlarında təşkil olunacaq yarmarka və bazarlarda əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatını təmin etmək, eyni zamanda heyvanlardan, heyvan mənşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısını almaq məqsədi ilə gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhərində təşkil edilmiş yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların vaxtında və yerindəcə müayinələrinin yüksək səviyyədə təşkili üçün səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.