SİYASƏT
DÖVLƏT DƏSTƏYİ ŞURASI REGİONLARDA QHT-LƏRİN MALİYYƏLƏŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİR
Bakı, 18 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə maliyyə yardımı müsabiqəsinin istiqamətləri, qaydaları və mexanizmlərini təkmilləşdirmək məqsədi ilə ölkənin iri şəhərlərində yerli QHT və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirələr keçirir.
Bu məqsədlə planlaşdırılmış ilk görüş Xaçmaz şəhərində keçirilmişdir.
Daha bir aksiya avqustun 18-də Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının binasında olmuşdur.
Görüşlərdə yerli və ətraf rayonlardan olan qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və digər əməkdaşlar QHT nümayəndələrinə maliyyə yardımı müsabiqəsinin şərtləri, qaydaları barədə ətraflı məlumatlar vermiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
Növbəti tədbir avqustun 19-da Zaqatalada keçiriləcəkdir.