ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasında 28 may-Respublika Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 28 May-Respublika Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın dövlət himni ilə başlayan konfransı rektor, akademik Urxan Ələkbərov açaraq bu ali təhsil ocağının bütün kollektivini bayram münasibətilə təbrik etmişdir.
Urxan Ələkbərov dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində aparılan mübarizədə baş vermiş hadisələrdən danışmışdır. Rektor müstəqilliyimizi bərpa etdiyimiz günlərdə rastlaşdığımız maneələri, təhlükələri xatırlatmış, ümummilli lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq, müstəqilliyimizin qorunması istiqamətində yorulmaz səylərindən söhbət açmış, həmçinin bugünkü yüksək davamlı inkişafa nail olmağımızın əsaslarını qeyd etmiş, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, xalqın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açmışdır.
Elmi-praktik konfransda Akademiyanın “Tarix” kafedrasının müdiri Firdovsiyyə Əhmədova “Azərbaycan Xalq Cümhuriyyəti: uğurlar və perspektivlər”, kafedranın müəllimi Rəna Bayramova “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, “Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi” kafedrasının müdiri Oruc Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətində dövlət qulluğu münasibətləri”, inzibati-idarəetmə fakültəsinin birinci kurs tələbəsi Anar Paşazadə “Azərbaycan Xalq Cümhuriyyətində dövlət idarəçiliyi sistemi” adlı məruzələrlə çıxış edərək 28 May -Respublika Gününün qeyd olunmasının vacibliyini, xalqımızın keçirdiyi bayramlar arasında bu günün böyük önəm kəsb etdiyini, azadlıq mübarizəsinin tarixi şahidi kimi unudulmaz bir səhifə olduğunu qeyd etmişlər.