SİYASƏT
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA YENİ DƏRS İLİNİN BAŞLANMASI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Bakı, 15 sentyabr (AZƏRTAC). DİA-nın mətbuat və İnformasiya xidmətindən bildirmişlər ki, sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov tələbələri və müəllimləri yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. O, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış, bu günlərdə 10 ili tamam olan təhsil ocağının əldə etdiyi nailiyyətlərdən söhbət açmış, respublikamız üçün idarəçilik sahəsində mütəxəssislər hazırlanması işində mühüm rolu olduğunu vurğulamışdır. Ulu öndər Heydər Əliyevin elmə, təhsilə göstərdiyi qayğı və diqqətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiq akademiyanın ənənələrinə sadiq qalan tələbələrin biliyi, bacarığı ilə idarəçilik sahəsinə öz töhfələrini verəcəklərinə ümid etdiyini bildirmişdir.
Professorlar Tofiq Rəsulov, Akif Bayramov yeni dərs ilinin başlanması münasibətilə müəllimləri və tələbələri təbrik etmişlər.
Qəbul imtahanında 700 bal toplayan 1-ci kurs tələbəsi Fəridə Musayeva çıxışında bu nüfuzlu ali məktəbə daxil olmasından qürur duyduğunu bildirmişdir.
Valideyn Bürhan Əliyev övladının İdarəçilik Akademiyasına qəbul olması ilə fəxr etdiyini bildirmiş, kollektivə yeni dərs ilində uğurlar arzulamışdır.