SİYASƏT
Dövlət İdarəçilik Akademiyasının müəllimi Nəsrin Süleymanlı: Ermənistan aqressiv-terrorçu niyyətlərini ortaya qoyur
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bütün qanunvericilik aktları beynəlxalq hüququn normalarına uyğunlaşdırılıb. Ancaq bunu mənfur qonşu Ermənistana aid etmək olmaz. Silahlı münaqişələr bu gün humanitar hüququn norma və prinsipləri ilə tənzimlənir. Beynəlxalq humanitar hüquq isə özündə Cenevrə və Haaqa hüququnu ehtiva edir. Cenevrə hüququ döyüşdə iştirak etməyən hərbçilərin və mülki şəxslərin mühafizəsinə yönəlir. Haaqa hüququ isə hərbi əməliyyatlar zamanı döyüşən tərəflərin hüquq və vəzifələrini müəyyən edir və düşmənə qarşı istifadə edilən vasitələri məhdudlaşdırır. Ermənistan tərəfi hər iki konvensiyanı pozur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı deyib. O bildirib ki, Cenevrə Konvensiyasını dünyanın 190 ölkəsi imzalayıb. Azərbaycan bu sənədə 1993-cü ildə qoşulub və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdədir.
Vətən müharibəsi başlayan dövrdən Azərbaycan Respublikasının 31 mülki şəxsi öldürülüb, 180-dən çox insan yaralanıb, 800-dən çox mülki infrastruktur obyekti dağıdılıb. Ermənistan Azərbaycanın mülki əhalisini hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb edilir. Ermənistan tərəfi buna məhəl qoymur.
Ermənistan tərəfi, həmçinin qadağan edilmiş silahlardan istifadə edərək aqressiv-terrorçu niyyətlərini ortaya qoyur. Beynəlxalq humanitar hüququn prinsiplərinə görə, toksinli silahlardan istifadə 1972-ci il 10 apreldə qəbul edilmiş konvensiya və eləcə də 1925-ci il 17 iyun Cenevrə protokoluna əsasən qadağandır. Ermənistan tərəfi qaydaları pozaraq Füzulidə fosforlu bombalardan, Toçka-U, kassetli bombalar, smerç kimi qadağan olunmuş silahlardan istifadə edir. Bu sıraya həm də 1993-cü ildə qəbul edilmiş kimyəvi silahlardan istifadə haqqında konvensiyanın, kassetli bombalar haqqında qadağa konvensiyasının, yaxın və orta mənzilli raketlərin ləğvi haqqında qanunun müddəalarını daxil etmək lazımdır.
Ermənistan tərəfi münaqişə zonasından kənarda yerləşən və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, Mingəçevir şəhərlərini, münaqişə zonasına yaxın yerləsən kənd və rayonları, eləcə də Bakı-Tbilisi-Ceyhan kəmərinin keçdiyi ərazini şiddətli artilleriya və bombardmana tutmaqla bütün hüquqi normativləri pozur.
Təbii ki, bütün bunlar mənfur və məğlub olan tərəfin son həmlələridir. Düşmən tərəf hər vəchlə çalışır ki, münaqişəni regional müstəviyə aparsın və maraqlı tərəflər formatında həll etsin.
Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verilməsini tələb edirik. Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsini zəruri sayırıq.
Əgər bunu beynəlxalq ictimaiyyət nəzərə almazsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 116-cı maddəsinə əsasən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn normalarını pozan tərəfi cinayət məsuliyyətinə cəlb etməyi öz üzərinə götürür.