ELM VƏ TƏHSİL
“Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçiriləcəkdir
Bakı, 30 avqust (AZƏRTAC). Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış sazişə əsasən, Təhsil Nazirliyinin həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində sentyabrın 2-də “Statistik təhlil” üzrə 10 günlük təlim kursu başlanacaqdır.
Təlim Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Sosial İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən ADİU-nin nəzdində yaradılmış təlim mərkəzində keçiriləcəkdir.
Təhsil Nazirliyinin “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsinin təlim koordinatoru Elçin Sərdarov AZƏRTAC-a bildirmişdir ki, “Statistik təhlil” mövzusunda təlim kursunun əsas məqsədi iştirakçıları statistika sahəsində geniş istifadə edilən metod və üsullar və onların ən faydalı şəkildə tətbiqi hallarının müəyyən olunması barədə məlumatlandırmaqdır.
Təlimdə statistik təhlil üzrə bilik-səriştə-münasibət üçlüyünün əldə edilməsi üzrə konkret hədəflər qoyulmuşdur. Bu hədəflər statistik təhlilin məzmunu və tətbiqi, əsas konsepsiyaları, statistik təhlilin layihələrin texniki-iqtisadi əsaslandırılmasında və ekspertizasında, monitorinqində və qiymətləndirilməsində, habelə risk və həssaslığın qiymətləndirilməsində və idarəedilməsində tətbiqi, məzmun və fərq, Azərbaycanda dövlət investisiya layihələrinin hazırlanması və idarə edilməsi üzrə cari siyasət və praktikası, gələcək inkişaf prioritetləri ilə əlaqəsi, məlumat bazasının yaradılması, istifadəsi, tapıntıların əldə edilməsi və istifadəsinin institutlaşdırılması və digər bu kimi məsələləri əhatə edir.
Təlimdə İqtisadi İnkişaf və Təhsil nazirliklərinin müvafiq qurumlarının və digər təşkilatların əməkdaşlarının iştirakı nəzərdə tutulmuşdur.
Təlimin sonunda test imtahanı keçiriləcəkdir. İmtahanı uğurla başa vuranlara müvəffəqiyyət sertifikatı veriləcəkdir.
“Statistik təhlil” üzrə növbəti təlimin isə sentyabr-oktyabr aylarında Naxçıvan Dövlət Universitetində keçirilməsi planlaşdırılır.