İQTİSADİYYAT
Dövlət komitəsinin Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatına üzvlüyü məsələsinə baxılır
Bakı, 11 sentyabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatına (EA) assosiativ (müxbir) üzv olmaq üçün müraciət edib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, hazırda müraciətə baxılır. EA-nın məqsədi üzv ölkələrin milli orqanları tərəfindən istifadə olunan standartların akkreditasiyasını Avropada bir xidmət kimi müəyyənləşdirmək, qiymətləndirmə zamanı əldə edilən nəticələrin aşkarlığını təmin etməkdir.
Təşkilata assosiativ üzv qismində qoşulmaq hüququna Avropa İttifaqına potensial namizəd və ya Avropa İttifaqı Qonşuluq Siyasətinin şamil olunduğu ölkələr malikdir. EA regional qurum kimi akkreditasiya sahəsində fəaliyyət göstərən Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (İLAC) və Beynəlxalq Akkreditasiya Forumunun (İAF) üzvüdür. EA-ya üzvlük İAF-a üzvlük üçün əsas yaradır.