İQTİSADİYYAT
Dövlət Məşğulluq Xidməti tərəfindən 20 min 904 nəfər işlə təmin edilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, ötən dövrdə 20 min 904 nəfər münasib işlə təmin edilmiş, həmçinin 1225 nəfər haqqı ödənilən ictimai işlərə, 3058 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilmişdir. Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində 1180 nəfər üçün peşə təlimi kursları təşkil olunmuşdur.
Hesabat dövründə Bakıda, Sumqayıtda, Gəncədə və Mingəçevirdə fəaliyyət göstərən “Əmək birjaları” tərəfindən 2 min 976 vətəndaş müvəqqəti xarakterli işlərə göndərilmişdir.