CƏMİYYƏT
Dövlət Məşğulluq Xidmətinin Binəqədi və Qaradağ rayon mərkəzləri tərəfindən növbəti əmək yarmarkası keçirilmişdir
Bakı, 27 oktyabr (AZƏRTAC). Dövlət Məşğulluq Xidmətinin Binəqədi və Qaradağ rayon mərkəzləri tərəfindən növbəti əmək yarmarkası keçirilmişdir. Bu dəfə 20-yə yaxın idarə və təşkilat tərəfindən 200-dən çox iş yeri təklif edilmişdir.
Binəqədi Rayon Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan yarmarkada rayonda fəaliyyət göstərən 12 müəssisə və təşkilat 110 iş yeri təklif etmişdir. Eyni zamanda rayon məşğulluq mərkəzinin məlumat bazasında mövcud 123 müəssisədən 796 vakant iş yeri də yarmarkada iştirak edənlərin sərbəst seçiminə buraxılmışdır. Gün ərzində 74 işaxtaran vətəndaşa göndəriş verilmişdir. 6 nəfər isə müxtəlif peşə hazırlığı kurslarına cəlb olunmuşdur.
Ümumiyyətlə bu ilin 9 ayında Binəqədi Rayon Məşğulluq Mərkəzində 419 nəfər işlə təmin olunmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Qaradağ Rayon Məşğulluq Mərkəzinin təşkil etdiyi əmək yarmarkasında da əsas diqqət vətəndaşlara, xüsusilə də gəncləri işlə təmin etməyə və onları əmək bazarı ilə tanışlığa yönəldilmişdir.
Yarmarkada iş axtaranlara rayonda fəaliyyət göstərən 9 müəssisə və təşkilat tərəfindən 97 boş iş yeri təklif olunmuşdur. Yarmarkada gün ərzində 63 işaxtarana göndəriş verilmişdir. 13 nəfər isə müxtəlif peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb olunmuşdur. İlin 9 ayında rayon məşğulluq mərkəzində 399 nəfər işlə təmin olunmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çoxdur.