CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti “ASAN Radio” ilə birgə yeni layihəyə start verir
Bakı, 8 oktyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) və dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio - “ASAN Radio” birgə yeni layihəyə start verir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, “Miqrasiya xidməti” adlanan verilişdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq miqrasiya qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qanunsuz miqrasiyaya qarşı mübarizə və sair məsələlərlə bağlı faydalı məlumatlar çatdırılacaq.
DMX-nin əməkdaşları ilə yanaşı, ölkədə yaşayan əcnəbilər, əmək fəaliyyəti göstərən əməkçi miqrantlar da verilişdə qonaq olacaqlar.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olarkən yeni layihə ilə bağlı bildirib: “Biz miqrasiya xidmətlərindən istifadə edən əcnəbilərin, eyni zamanda, vətəndaşlarımızın qanunvericilik, tətbiq edilən prosedurlar barədə məlumatlı olmasının marağındayıq. Çünki bizim təhlillər də göstərir ki, əksər hallarda əcnəbilər sırf məlumatsızlıq səbəbindən miqrasiya qanunvericiliyinin tələblərini pozurlar. Bu səbəbdən müəyyən məsuliyyətə cəlb olunurlar. Bunu aradan qaldırmaq, onların özlərini daha əmin, məlumatlı hiss etmələri üçün belə bir layihəyə ehtiyac var. Hesab edirəm ki, bu veriliş DMX-nin fəaliyyəti ilə bağlı çox böyük dəyər yaradacaq. Fürsətdən istifadə edib bu təşəbbüsə dəstək olduğu üçün “ASAN xidmət”in rəhbərliyinə və “ASAN Radio”ya təşəkkür edirəm”.
Qeyd edək ki, “Miqrasiya xidməti” verilişini hər həftənin çərşənbə günü saat 11:05-də dinləmək mümkündür. Verilişdə vətəndaş sualları da qəbul ediləcək.
Müraciət üçün əlaqə telefonları: 012-56-56-100 (şəhər), 070-65-56-100 (whatsapp).